Lokal kompüter şəbəkələrinin aparat vasitələri

LKŞ-nin aparat komponentləri kimi aşağıdakılardan istifadə edilir:

§  İşçi stansiyalar;

§  Serverlər;

§  İnterfeys (şəbəkə) kartları (adapterləri);

§  Kabellər

            İşçi stansiyalar (İST) – şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan fərdi kompüterlərdir. Bəzi hallarda İST birbaşa şəbəkə kabelinə qoşulmuş olarsa, bu halda maqnit disklərində yaddaşa ehtiyac qalmır. Bu cür İST disksiz İST adlanırlar. Lakin bu halda fayl-serverdən İST-yə ƏS yükləndikdə, şəbəkə adapterində uzaq məsafədən yükləməyə imkan verən uyğun mikrosxem olmalıdır. Bu cür disksiz İST-in əsas üstün cəhəti onların ucuz olçası və burada istifadəçinin proqramına icazə verilmədən daxil olmanın mümkünsüzlüyü və kompüter viruslarının daxil ola bilməməsidir. Mənfi cəhəti isə onun avtonom rejimdə işləyə bilməməsi, həmçinin özünün verilənlər və proqram arxivinin olmamasıdır.

            LKŞ-də serverlər – şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirirlər. Adətən meynfreym funksiyasını kifayət qədər güclü olan fərdi kompüter, meynfreym və ya kompüter həyata keçirə bilər. Hər bir server həm ayrıca, həm də İST tərkibində ola bilər.

LKŞ-də bir neçə server olarsa, o zaman hər bir server ona qoşulan İST-yə xidmət göstərir. Serverin kompüterlər toplusuna və onlara qoşulmuş İST-yə domen deyilir. Bəzi hallarda bir domendə bir neçə server olur. Bu serverlərdən biri baş server, qalanları isə ehtiyat serveri və ya əsas serverin məntiqi genişlənməsi rolunu oynayırlar.

            Kompüter-server tipini seçdikdə əsas parametr kimi prosessorun tipi, əməli yaddaşın tutumu, disk kontrollerinin tipi nəzərə alınmalıdır. Serverdə əməli yaddaş nəinki öz proqramlarını yerinə yetirmək məqsədini güdür, həmçinin disk giriş-çıxışının buferlərini yerləşdirmək məqsədi üçün də istifadə edilir.

İST və serverlər şəbəkənin yerləşdiyi yerlərdə öz aralarında kabel şəklində olan verilənlərin ötürülmə xətti ilə birləşirlər. Kompüterlər kabelə interfeys platası – şəbəkə adapteri (NIC -network interface card) vasitəsilə birləşdirilir.

İstifadə olunan şəbəkə adapterləri 3 əsas xarakteristikaya malikdirlər:

1)      kompüterin qoşulduğu şinin tipi

2)      mərtəbələr şəbəkəsinin sayı

3)      yaradılan şəbəkənin topologiyası.           

 

Verilənlərin ötürülməsi mühitindən asılı olaraq rabitə xətləri aşağıdakı qruplara ayrılır:

§  Çəkilən (hava ilə);

§  Kabelli (mis və optik-lifli);

§  Yerüstü və peyk əlaqə radiokanalları


Çəkilən xətlərə telefon və ya teleqraf siqnallarını ötürən havada sallanan və tirlər arasında tarım çəkilmiş hər hansı bir izolyasiyası və ya ekranlaşdıran hörgüsü olmayan naqillər aiddir.

Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:

§  Koaksial kabellər

§  Burulmuş cütlü kabellər

§  Lifli - optik kabellər

Koaksial və burulmuş cütlü kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir. İki növ koaksial kabel mövcuddur:

1)      diametri 0,5 sm olan nazik kabel;

2)      diametri 1 sm olan yoğun kabel.

Nazik kabel yoğun kabelə nisbətən qısa məsafələrə ötürmə üçün istifadə olunur. Koaksial kabellər, əsasən, şin topologiyalı şəbəkələrdə istifadə olunurlar.

Burulmuş cütün iki əsas növü mövcuddur:

1)      ekranlaşmış (STP – Shilded Twisted Pair);

2)      ekranlaşmamış (UTP – Unshilded Twisted Pair).


Ekranlaşmış burulmuş cütlü Ekranlaşmamış burulmuş cütlü


 Ekranlaşmış burulmuş cüt istifadə etdikdə hər bir burulmuş cüt metal hörgüdə (ekran) yerləşir. Ekranlaşmamış burulmuş cütlə xarici elektromaqnit maneələrdən zəif qorunması ilə xarakterizə olunurlar. Adətən, burulmuş cütlər  ulduzvari və dairəvi topologiyalarda istifadə olunurlar.

 

Optik kabellər vasitəsilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərdən istifadə olunur. İnformasiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət qədər bahalıdır, quraşdırılması çətindir. İşıq dalğalarını elektrik dalğalarına və əksinə çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən informasiyanın uzaq məsafəyə və geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq yoxdur. Məlumatın yayılması sürəti saniyədə bir neçə qiqabitlə (Gbit) ölçülür. Məlumat 50 km məsafəyə gücləndirilmədən ötürülə bilir. Bu tip kabellər ancaq ulduz və dairə topologiyalı şəbəkələrdə istifadə olunur.

Optik-lifli kabelin iki növü mövcuddur:

1)      birmodalı kabel – bahalı, keyfiyyətli;

2)      çoxmodalı kabel – ucuz, aşağı keyfiyyətli.

Moda – kabelin daxili milində işıq şüalarının yayılması rejimini əks etdirir.

 

            LKŞ-nin əlavə avadanlıqlarına fasiləsiz qida mənbələri (UPS - Uninterruptible power supply), modemlər, transiverlər, repiterlər və müxtəlif kontaktlar sistemi kimi istifadə olunan konnektorlar, terminatorlar, şlüz, təkrarlayıcı, çevirici, körpü, marşrutlayıcı, hab və s. daxildir.

          

            UPS – elektrik şəbəkəsinin dayanıqlı işləməsini artırır və elektrik şəbəkəsi açıldıqda serverdə olan verilənlərin itməməsini təmin edir.


Transiver – İST-ni yoğun koaksial kabelə qoşan qurğu və şəbəkə adapterinin bir hissəsidir.


Konnektorlar (birləşdiricilər) – kompüterlərin şəbəkə adapterlərini nazik kabellə birləşdirmək üçündür.


Terminatorlar – açıq kabellərə şəbəkənin qoşulması üçün, həmçinin torpaqlama məqsədilə də istifadə oluna bilər.


Modem – telefon xətti vasitəsilə LKŞ və ya kompüteri qlobal şəbəkəyə qoşan qurğudur. Rəqəmli verilənlərin analoq verilənlərə çevrilməsi modulyasiya, əks proses isə demodulyasiya adlanır.


Şlüz (gateway–keçid) – müxtəlif protokollarla işləyən bir neçə lokal şəbəkəni əlaqələndirən vasitədir. Həm aparat, həm də proqram şlüzləri ola bilər.


Təkrarlayıcı (repeater) – şəbəkənin iki seqmentinin və ya kabelinin birləşdirilməsi (şəbəkənin böyüdülməsi) üçün istifadə olunan sadə qurğudur. Təkrarlayıcı həm də, paketləri marşrutlaşdırmadan və ya filtrasiya etmədən bir kabeldən digərinə ötürən aralıq qurğudur.


Çevirici (switch) – kompüter şəbəkələrində əlaqənin yaradılması üçün istifadə olunan kommutator və ya keçirmə qurğusudur. Belə kommutatorların iki növu var:

1)      körpü

2)      marşrutlayıcı

 

Körpü (bridge) – müxtəlif topologiyalı, lakin eyni protokol istifadə edən iki və ya daha çox lokal şəbəkəni bir-birilə əlaqələndirən aparat-proqram təminatlı qurğudur.


Marşrutlayıcı (router) – şəbəkə marşrutunun seçilməsini həyata keçirilir. Avtomatik, adaptiv, alternativ, hibrid, lokal, istiqamətlənmiş, paylanmış və s. marşrutizatorlar var.


HOST (Hybrid Open Systems Technology) – şəbəkəyə qoşulmuş və TCP/IP protokollarını istifadə edən istənilən qurğudur və ya açıq sistemlərin hibrid texnologiyası olan host resursa malik və ondan istifadə edən kompüterdir.


Hab (HUB) – şəbəkə konsentratoru, ulduzvari şəbəkə topologiyasında şəbəkənin düyünlərini (abonentləri) birləşdirməyə imkan verir.

Lokal şəbəkənin işləməsini təmin edən proqramlar kompleksinə şəbəkənin proqram təminatı deyilir. Bu proqramların əsas hissəsi serverdə, digər hissəsi isə şəbəkəyə qoşulan kompüterlərdə yerləşdirilir. Bu cür şəbəkə sistemlərindən ən çox istifadə ediləni Novell firmasının Netware sistemidir.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov