Alqoritm

Həll yolu (alqoritmi) məlum olan istənilən məsələni kompüterdə həll etmək mümkündür. Xarakterinə görə məsələləri aşağıdakı siniflərə bölmək olar:

§  elmi-texniki (və ya riyazi-mühəndis);

§  iqtisadiyyat-statistika;

§  informasiya-məntiqi;

§  idarəetmə və modelləşdirmə.

Məsələnin kompüterdə həlli aşağıdakı mərhələlərdən ibarətdir:

1.      Məsələnin qoyuluşu

2.      Məsələnin analizi və tədqiqi

3.      Həll alqoritminin yaradılması

4.      Alqoritmin proqramlaşdırma dilində təsviri

5.      Tesləşdirmə və sazlama

a.       Proqram ilkin olaraq yaradıcıları tərəfindən test edilir (alfa versiya), səhvlər aşkar edilib düzəldilir

b.      Proqram istifadəçilərə test etmələri üçün çatdırılır (beta versiya) yeni səhvlər aşkar edilib düzəldilir

6.      Məsələnin həllinin nəticələrinin analizi və onların təhlili

3-5 ardıcıllığını məsələnin kompüterdə həllinin texnoloji zənciri adlandırırlar.

            Məsələnin həlli onun düzgün qoyuluşundan çox asılıdır. Məsələnin qoyuluşu (birinci mərhələ) sadə halda aşağıdakıları nəzərdə tutur:

-          məsələ haqqında informasiyanın toplanması;

-          məsələnin həllini təmin edən düstur və tənliklərin tərtib edilməsi;

-          ilkin verilənlərin siyahısı, tipi, dəqiqliyi və ölçüləri;

-          dəyişənlərin dəyişmə sərhədləri, başlanğıc və sərhəd şərtləri;

-          nətəcələrin siyahısı, tipi dəqiqliyi və ölçüləri.

İkinci mərhələdə mövcud analoqlar texniki və proqram vasitələri analiz edilərək riyazi model hazırlanır. Burada alqoritmdə iştirak edən verilənlərin tipinə, formasına, mümkün qiymətlərinə və aparılan əməliyyatlara görə onların strukturları seçilir. Yeni verilənlərin tam, həqiqi, simvol və s. tipli olması, massiv, yazı, stek, növbə, siyahı, fayl və s. strukturlarla təşkili müəyyənləşdirilir.

            Üçüncü mərhələdə məsələnin həll üsuluna uyğun müəyyən təsvir formalarından biri seçilərək həll alqoritmi tərtib edilir. Testlər və testləşdirmə üsulları seçilərək alqoritm layihələndirilir.

            Dördüncü mərhələdə həll olunan məsələnin xarakterinə, tətbiq olunan kompüter üçün mövcud olan translyatora və proqramçının hazırlıq səviyyəsinə görə proqramlaşdırma dili seçilir. Sonra isə məsələnin həll alqoritmi əsasında seçilən proqramlaşdırma dilində proqram tərtib edilir. Ona ilkin proqram deyilir.

            Bu mərhələdə proqramlaşdırma dilində yazılmış ilkin proqram kompüter dilinə çevrilir. Bu iş translyator adlanan proqram vasitəsilə yerinə yetirilir. Bu zaman ilkin proqramda buraxılmış morfoloji və sintaksis səhvlər aşkar edilib, proqramçıya çatdırılır. Səhvlər aradan qaldırıldıqdan sonra translyasiya prosesi davam etdirilir və kompüter dilində proqram alınır. Bu proqram mütləq və ya işçi proqram adlanır.

            Beşinci mərhələdə ilk növbədə proqramdakı məntiqi səhvlər aşkarlanıb, aradan qaldırılır ki, buna proqramın sazlanması deyilir. Sonra işçi proqramın düzgün işləməsini yoxlamaq məqsədilə yoxlama misalında o sınaqdan keçirilir, yəni testləşdirilir və testləşdirmənin nəticələri analiz olunur.

            Altıncı mərhələdə proqram ilkin verilənlər üçün bir neçə dəfə icra olunur. Alınmış nəticələr mütəxəssis və ya məsələni qoyan istifadəçi tərəfindən təhlil olunur. Əgər təhlil prosesində nəticələr istifadəçini təmin etmirsə, o, yeni tələblərini qoya bilər və ya əvvəlki tələblərdə dəyişiklik edə bilər.

Alqoritm sözü IX əsrin məşhur özbək riyaziyyatçısı Əbu Cəfər Muhəmməd İbn Musa əl-Xarəzmin (787-850) adının latınca “alqorithmi” yazılışıyla bağlıdır. Əl-Xarəzmin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində  avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar.

Alqoritm – verilmiş məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və onların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır. Məsələnin kompüterdə həlli baxımından alqoritm məsələnin verilənləri üzərində icra olunan hesabi və məntiqi əməllər ardıcıllığıdır. İcra edilən əməliyyat addım, əməliyyatlar ardıcıllığı isə alqoritmik proses adlanır.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov