Proqramlaşdırma dillərinin təsnifatı

            Proqramlaşdırma texnologiyasına əsasən dillər aşağıdakı kateqoriyalara bölünür:

§  Prosedurlu

§  Funksional

§  Məntiqi

§  Obyekt-yönlü

§  Hadisə-yönlü

§  Vizual


Prosedurlu proqramlaşdırma dilində proqram operatorlar (təlimatlar) ardıcıllığından ibarətdir. Operator mənası və istifadə qaydası birdəfəlik müəyyən edilmiş xüsusi (açar) sözdür. Burada əsas operator yaddaş sahəsinin məzmununu dəyişən mənsubetmə operatorudur. Prosedur dil aşağıdakı xüsusiyyətlərə görə xarakterizə olunur:

-          Yaddaşın idarə olunmasının vacibliyi, dəyişənləri təsviri

-          Simvolların emalı üçün imkanların məhdudluğu

-          Ciddi riyazi əsasın olmaması

-          Müasir kompüterdə yüksək səmərəliliklə reallaşdırılma

Bu dilin nəzəri modeli kimi “Türinq maşını” adlanan alqoritmik sxem götürülmüşdür.

Funksional proqramlaşdırmanın mahiyyəti A.P.Yerşov tərəfindən təyin olunmuşdur. Funksional dillərin konstruksiyasında ifadə əsas rol oynayır. Funksional proqramlaşdırma dilinə aşağıdakı elementlər daxildir:

-          Funksiyaların manipulyasiya edə bildikləri sabitlər sinfi

-          Proqramçının əvvəlcədən təsvir etmədən istifadə etdiyi baza funksiyalar yığını

-          Baza funksiyalardan yeni funksiyaların tərtibi qaydası

-          Çağırılan funksiyalara əsasında ifadələrin yaradılma qaydası

Funksional proqramlaşdırmada dəyişənlərin qiymətinin yaddaşda saxlanılması konsepsiyasından istifadə olunmur. Mənsubetmə operatoru yoxdur. Dəyişənsiz proqram tərtib etmək mümkündür.

Məntiqi proqramlaşdırmada əsas anlayış nisbətdir. Proqram obyekt və məqsəd arasındakı nisbətin təyinindən təşkil olunur. Məntiqi proqramlaşdırmada yalnız alqoritmə əsaslanan faktların spesifik xüsusiyyətlərini göstərmək lazımdır, addımlar ardıcıllığını təyin etmək lazım deyil. Məntiqi proqramlaşdırma aşağıdakılara görə xarakterizə olunur:

-          Yüksək səviyyə

-          Simvol hesabatına istiqamətlənmə

-          Tərsinə (inversiv) hesablama imkanı

-          Məntiqi natamamlığın mümkünlüyü

Hesablama əvvəlki addıma qayıtmaq şərti ilə axtarış, sınaq və səhvlər üsulu ilə həyata keçirilir.

Obyekt-yönlü proqramlaşdırmada hər bir obyekt özündə verilənlərin strukturunu birləşdirir və onlara müraciət bu verilənlərin emalı proseduru ilə mümkündür ki, bu da metod adlanır. Verilənlər və prosedurların bir obyektdə birləşməsi inkapsulyasiya adlanır.

Obyektlərin təsvirinə siniflər xidmət edir. Sinif bu sinfə aid olan obyektlərin xassə və metodlarını təyin edir. Hər bir sinfin xüsusi metodları mövcuddur. Yeni obyektlərin yaradılmasında valideyn (parent) obyektlərin xassəsi əlavə oluna bilər. Müxtəlif tipli verilənlərin emalı üçün eyni adlı metodlardan istifadə etmək imkanı var (polimorfizm).

Hadisə-yönlü proqramlaşdırma – obyekt-yönlü proqramlaşdırmaya əsaslanır və sistemdə baş verən hadisələrə reaksiya verən obyektlərdən istifadə edilməsi nəzərdə tutulur. Hadisə-yönlü proqramlaşdırmadan həm müstəqil proqramların, həm də əməliyyat sistemlərinin yaradılmasında istifadə olunur.

Vizual proqramlaşdırma obyekt-yönlü və hadisə-yönlü proqramlaşdırmanın sonrakı inkişafı nəticəsində yaranmışdır. Pəncərələr, sürüşdürmə çubuqları, alətlər panelləri, menyular proqramçının daha  sürətli bir şəkildə proqram yazmasına səbəb olduğu üçün, bu mühitlərə “Sürətli Tətbiqetmə Təkmilləşdirmə – Rapid Application Development (RAD)” deyilir. Vizual Proqramlaşdırma Dilləri (Visual Programming Languages) olaraq da adlandırılırlar. Tanınmış RAD dilləri: Visual Basic, Delphi, JBuilder, C++Builder ve Visual C#.

 

 


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov