Sistem proqram təminatı

 

Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal informasiya mühitini təmin edir. SPT-yə aşağıdakılar daxildir:

§  baza proqram təminatı (base software) – kompüter sisteminin işini təmin edən proqram vasitələri;

§  servis proqram təminatı (service software) – baza proqram təminatının imkanlarını genişləndirən və istifadəçinin işləməsi üçün rahat informasiya mühiti təşkil edən proqram və proqramlar kompleksi.

 

Baza proqram təminatına aşağıdakılar daxildir:

§  əməliyyat sistemləri (operating system)

§  əməliyyat örtükləri

§  şəbəkə əməliyyat sistemləri


Əməliyyat  sistemləri (operating system) – kompüterin işini idarə edir, kompüterin aparat hissəsi, tətbiqi proqram təminatı və istifadəçi arasında qarşılıqlı əlaqəni təmin edir. Əməliyyat sisteminin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir.

Əməliyyat sistemləri aşağıdakı xarakteristikalara görə fərqləndirilirlər:

ü  yaddaşla idarə, yəni maksimal həcmli ünvan sahəsi, yaddaşın tipi, istifadə olunan yaddaşın texniki göstəriciləri;

ü  əməliyyat sisteminin tərkibinə daxil olan köməkçi proqramların (utilitlərin) funksional imkanlar;

ü  faylların arxivləşdirilmə imkanları;

ü  çoxməsələlik rejiminin dəstəklənməsi;

ü  şəbəkə proqram təminatının dəstəklənməsi;

ü  təhlükəsizlik və etibarlılıq və s.

Geniş yayılmış əməliyyat sistemlərinə MS DOS, Windows, UNIX, MacOS, Linux, Ubuntu, OS/2, NetWare, Solaris, QNX, Android, iOS və s. misal göstərmək olar.


Əməliyyat örtükləri əməliyyat sistemlərinin üzərində quraşdırılır, istifadəçiyə keyfiyyətcə yeni interfeys təqdim edir. Əməliyyat örtüklərinin mətli və qrafiki interfeys variantları mövcuddur. MS DOS mühitində olan örtük proqramlardan ən geniş yayılanı Norton Commander-dir. Bütün örtük proqramlar müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfi korlanma ehtimalını azaldır.

MS DOS mühitində olan əksər əməliyyat örtüklərinin funksiyası fayl və kataloqlarla işə əsaslanıb. Bu proqramlar faylların sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və əməli yaddaş qurğuları haqqında məlumatların verilməsini təmin edir.


Şəbəkə əməliyyat sistemləri – verilənlərin şəbəkədə emalını, ötürülməsini və saxlanılmasını təmin edən proqramlar toplusu olmaqla, lokal və qlobal (geniş ərazi) şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir. Şəbəkə əməliyyat sistemləri kliyent-server və ya birranqlı arxitekturadan istifadə edir. Novell NetWare, Windows Server, Banyan Vines, IBM LAN, UNIX, Solaris, Linux və s. şəbəkə əməliyyat sistemləridir.

 

Servis proqram təminatına aşağıdakılar daxildir:

§  kompüterin iş qabiliyyətinin diaqnostikası

§  antivirus proqramlar

§  utilitlər


Kompüterin iş qabiliyyətinin diaqnostikası proqramları kompüterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür.  Kompüterin işinə nəzarət etmək üçün aşağıdakı proqramlardan istifadə edilir:

§  Başlanğıcda çalışan test proqramları (ilkin testləşdirmə), adətən, kompüterin daimi yaddaş qurğusunda (ROM) saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşür.

§  Xüsusi nəzarət proqramları proqramların icrası zamanı nasazlıqların olub-olmamasını yoxlayır və olduqda müvafiq məlumatlar xaric edir.


Antivirus proqram vasitələri – virusların neytrallaşdırılmasını və kompüterin diaqnostikasını təmin edir.


Utilitlər disk və fayl sisteminə xidmətə əsaslanaraq, verilənlərin emalının köməkçi əməliyyatlarını yerinə yetirən kompüterə xidmət proqramlarıdır. Utilitlərinin əsas funksiyaları:

-          Maqnit disk sahəsinin keyfiyyətinin yoxlanılması, diskin sıxılması, disklərin surətinin yaradılması, disklərin formatlaşdırma və defraqmentasiyasının yerinə yetirilməsi;

-          İnformasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü və s.;

-          Arxivlərin yaradılması və yeniləndirilməsi;

-          Müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı;

-          Şəbəkəyə xidmət;

-          Kompüter resursları, disk sahəsi, proqramların operativ yaddaş qurğusunda paylanması haqqında informasıyanın verilməsi.

Verilənlərin arxivləşdirilməsi (sıxlaşdırılması) fayl və ya qovluğun həcminin azaldılması prosesidir. WinZip, WinRar, 7-Zip, WinAce, PowerArchiver, IZArc, ZipGenius, PeaZip arxivləşdirmə proqramlarıdır.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov