Əməliyyat sistemləri

Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur.

Əməliyyat sistemləri – informasiya emalının idarə olunmasını və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS kompüterin işə salınması ilə yüklənir və istifadəçi ilə hesablama sistemi arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir.

Əməliyyat sisteminin nüvəsi onun əsas hissəsidir. Əməliyyat sisteminin nüvəsi kompüter qoşulduqdan sonra əməli yaddaşa yüklənir və əməliyyat sistemini, yaddaşı, tətbiqi proqramların yerinə yetirilməsini və onların aparatlarla qarşılıqlı əlaqəsini idarə edir. ƏS-nin nüvəsi həmçinin müxtəlif proqramların prosessorlarla iş ardıcıllığını və vaxtını, aparat və proqramların  nasazlığını təyin edir.

Əməliyyat sisteminin digər hissəsi yaddaşa lazım olduqda yüklənir, olduqca yüksək səviyyəli məsələləri yerinə yetirir və istifadəçini tətbiqi proqramlar interfeysi (API – Application Program Interface) ilə təmin edir.

Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, ancaq versiya (variant) dəyişilir. Versiya 6.00, 3.11, 2.1 və s. kimi işarə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən sağdakı rəqəmlərin artması isə sistemdə cüzi dəyişikliyin edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasını göstərir.

           

Əməliyyat sisteminin əsas funksiyaları

Əməliyyat sisteminin aşağıdakı əsas funksiyaları mövcuddur:

-          ƏS-nin nüvəsi avtomatik yüklənməni təmin edir;

-          diskdə verilənlərin saxlanması üçün fayl sistemini təşkil edir, onlara müraciəti və emal imkanını təmin edir;

-          proqramı əməli yaddaşa yükləyir və icrasını idarə edir.

Əməliyyat sisteminin yüklənməsi bir neçə mərhələdən ibarətdir: kompüterin aparat hissəsinin testlənməsi, yükləyicinin axtarışı və installaşdırılması, əməliyyat sisteminin nüvəsinin əməli yaddaşa yüklənməsi, istifadəçinin sistemdə qeydiyyatı üçün dəvətin verilməsi.

Kompüter qoşulduqda BIOS (Basic Input-Output System) idarəsi ilə aparat vasitələrinin öz-özünə testlənmə prosedura olan  POST (Power-On-Self-Test) yerinə yetirilir. Aparatlarda hər hansı problem aşkarlandıqda BIOS səhv haqqında monitorun ekranına məlumatı xaric edir və müxtəlif səs siqnalları verir.

Yoxlamanın müvəffəqiyyətlə sona çatması əməliyyat sisteminin yüklənməsinə keçidə imkan verir. BIOS yükləyici diski təyin edir. BIOS diskin birinci sektorunda baş yükləyici yazını (MBR – Master Boot Record) və bölmələr təsvir olunan cədvəli oxuyur, aktiv bölməni tapır və buradan əməliyyat sisteminin yükləyicisinin birinci sektorunun ünvanını oxuyur. Sonra məntiqi diskdən oxunan yükləyici əməliyyat sistemini yükləmək üçün əməli yaddaşda yerləşdirilir.

 

Əməliyyat sistemlərinin əsas imkanları

Çoxməsəlilik – bu rejimdə hər bir məsələ üçün prosessor vaxtı və yaddaş ayrılır, əmrlər yerinə yetirilir, hər bir proqram və ya istifadəçiyə müəyyən məlumatlar ötürülür. Əməliyyat sistemi hər bir tətbiqi proqram üçün yaddaşın bir hissəsini ayırır, proqramlar digər aparat resursları olan sərt disk, printer və uzaq məsafədəki şəbəkəyə müraciəti birlikdə edirlər.

Mübadilə buferi – əməliyyat sisteminin bir hissəsi olmaqla, əməliyyat sistemi tərəfindən mühafizə olunur və sürəti çıxarılmış fraqmenti əməli yaddaşda saxlayır. Beləliklə, bufer yaddaş fraqmentin yerdəyişmə və köçürülmə əməliyyatlarına vasitəçilik edir.

Virtual yaddaş – əməli yaddaşda təyin olunan cari yaddaşdan böyük həcmə malik bir neçə proqramları yerinə yetirmək və böyük həcmli verilənlərin emal edilməsində əməliyyat sistemi tərəfindən istifadə olunur.

Əgər cari (aktiv) proqramın işləməsi üçün əməli yaddaş kifayət etmirsə, o zaman mikroprosessor tərəfindən istifadə edilməyən proqram və ya onun bir hissəsi əməli yaddaşdan silinərək diskə köçürülür. Bu boşalmış yerə aktiv proqramın lazımı fraqmenti yüklənir.  Bu məqsədlər üçün istifadə olunan xarici yaddaşın bir hissəsi yüklənmə faylı, bu proses özü isə svopinq (swaping) adlanır.

Plug and Play – yeni qurğuların kompüterə qoşulması zamanı  sistem özü sərbəst olaraq, konfiqurasiya fayllarını dəyişdirir, konkret qurğunu aydınlaşdırır və avtomatik sazlanmasını təmin edir. Hər hansı konkret qurğunun əməliyyat sistemi ilə qarşılıqlı əlaqəsini yaratmaq üçün qurğunun drayveri adlanan xüsusi proqramdan istifadə olunur.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov