Mətn prosessorları

            Mətn prosessorları mətnli informasiyanın emalı üçün təyin olunur və əsasən aşağıdakı funksiyaları yerinə yetirir:

·         mətnin fayla yazılması;

·         simvol, sətir və mətn hissələrinin yerləşdirilməsi, silinməsi, əvəz olunması;

·         orfoqrafiyanın yoxlanılması;

·         mətnlərin müxtəlif şriftlərlə tərtibi;

·         mətnlərin lazımi formaya salınması;

·         başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi;

·         söz və ifadələrin axtarışı və əvəz olunması;

·         sadə şəkillərin mətnə daxil edilməsi;

·         mətnlərin çapı.

Bir çox proqramlar sənədlərin tərtibində onların formatlaşdırılmasına imkan verir ki, bunlara da mətn prosessorları deyilir. Mətn prosessorlarından geniş yayılanları aşağıdakılardır: Microsoft Word, Word Perfect, ChiWriter, MultiEdit və s. Windows əməliyyat sistemində standart Notepad (Блокнот) və Write mətn redaktorundan istifadə olunur. Notepad proqramında ölçüsü 64 kB-dan çox olmayan formatlaşdırma tələb olunmayan mətn faylları yaratmaq və redaktə etmək olar. Bu proqram ASCII formatlı mətnlər ilə işləməyə və bəzi sistem fayllarının redaktə olunmasına imkan verir. Windows sistemində formatlaşmamış mətn fayllarının genişlənməsi .txt-dir.

Bütün mətn redaktorları yalnız mətnləri emal etdiyindən bir-biri ilə uyuşandır. Müxtəlif mətn prosessorları isə informasiyanı fayla müxtəlif formatda yazdığından bir-biri ilə bilavasitə uyşan deyil. Amma bir çox mətn prosessorlarında mətni bir formatdan digərinə çevirməyi konvertorların köməyi ilə həyata keçirmək olar.

Windows ƏS-yə sadə WordPad mətn prosessoru daxildir. WordPad-ın fayllarının genişlənməsi isə .rtf-dir. Daha geniş istifadə olunan mətn prosessorlarına Word, Lexicon, AmiPro və s. misal göstərmək olar.

Hazırlanan sənəd müxtəlif elementlərdən – simvollardan, abzaslardan, sətirlərdən, bölmələrdən, haşiyələrdən, kadrlardan və sərlövhələrdən ibarət olur.

Simvol – sənəd mətninin minimal elementidir. Simvollar müxtəlif tərtibatlı şriftlərlə ifadə oluna bilər. Windows-da simvolların kod təsviri üçün ANSI standartından istifadə olunur.

Abzas – təyin olunmuş şəkildə mətn fraqmentlərinin tərtibatıdır. Windows-un mətn prosessorlarında abzasları bir-birindən <Enter> klavişi vasitəsilə qoyulan abzasın sonu  simvolu (¶) ayırır.

Sərlövhə – arayış mətni yerləşdirilən səhifə sahəsidir. Adətən bu arayış mətni səhifənin nömrəsindən, sənəd, bölmə və ya fəslin adından ibarət ola bilər. Sərlövhələr yuxarı və aşağı olmaqla birlikdə istifadə oluna bilər.

Haşiyə – sənədin əsas mətninin xaricinə çıxarılmış və adətən digər mənbənin mətninə istinadlı olan şərhdir.

Kadr – mətn, şəkil və ya cədvəl yerləşdirmək üçün görünən və ya görünməyən çərçivədir. Kadr ona məna verən sənədin mətni ilə sipərlənə bilər.

Sənədin sistem üslubları – sənədin müxtəlif elementləri (başlıqlar, adlar, sərlövhələr və s.) və simvollardan təşkil olunmuş abzaslarla təyin olunmuş standart üsullarla tərtibatıdır.

Bölmə – sənədin ayrıca bir hissəsidir ki, buradakı səhifələrin öz parametrlərini və sərlövhələrini təyin etmək mümkündür. Bölmənin sərhədləri ayırıcılarla təyin olunur.

WYSIWYG (What You See Is What You Get) – rejimi onu göstərir ki, redaktə olunmuş sənəd ekranda neçə görünürsə, o cür də çap olunur.

Mətn prosessorlarında yaradılan sənədlərə müxtəlif obyektləri, məsələn, cədvəlləri, şəkilləri, diaqramları daxil etmək mümkündür. Mətn prosessorlarında bu obyektlərin yaradılması və redaktəsi mühitdən çıxmadan həyata keçirilir. Bu zaman nəinki xüsusi vasitələrdən, həm də, Windows-un tətbiqi proqram vasitələrindən də istifadə oluna bilər.

Öz mühitindən çıxmadan müxtəlif proqramların birlikdə tətbiqi, bir-birinin funksiyalarına müraciət imkanları olan çox geniş yayılmış OLE (Object Linking and Embedding – obyektlərin əlaqələndirilməsi və quraşdırılması) standartının köməyi ilə həyata keçirilir. Obyekt dedikdə şəkil, diaqram, cədvəl və digər elementlər başa düşülür. Müasir OLE 2.0 texnologiyası mətn prosessoru (OLE-kliyent) mühitində sənədlərin yaradılmasında digər proqramların (OLE-server) verilənlərindən və funksional imkanlarından istifadə etməyə imkan verir. OLE 2.0 texnologiyası Write, Word (OLE-kliyent) və Excel, Power Point, Paint (OLE-server) proqramlarında istifadə olunur.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov