Verilənlər bazasını idarəetmə sistemləri

Verilənlər bazasının idarə olunması linqvistik və proqram təminatı baxımından VBİS, təşkilati baxımdan isə VB administratoru tərəfindən yerinə yetirilir.

            VB-nin mərkəzləşdirilmiş idarə olunmasını və verilənlərə müraciəti təmin etmək üçün linqvistik və proqram vasitələrində ibarət kompleks yaradılır ki, buna VBİS deyilir. Seçilən modeldən asılı olmayaraq, verilənlər VB-də əlaqələndirilmiş fayllar şəklində saxlanılır. VBİS-in əsas funksiyaları VB-nin fayllarını, aralarındakı əlaqələri nəzərə almaqla təşkil etmək, VB-də lazımi düzəlişləri və sorğulara görə verilənlərə müraciəti təmin etməkdir. VBİS-də həmçinin, sorğuya görə verilənlərin emalı da nəzərə alınır.

            Verilənlərə müraciətin VBİS tərəfindən idarə olunması aşağıdakı kimi aparılır:

1.      İstifadəçi müəyyən dildən istifadə etməklə öz sorğularını sistemə daxil edir.

2.      VBİS sorğunu qəbul edərək, onu təhlil edir

3.      VBİS tərəfindən həmin sorğuya uyğun olaraq xarici sxem, onun konseptual sxemdə əksi, konseptual sxem, konseptual sxemin daxili sxemdə əksi araşdırılıb, tələb olunan verilənlərin daxili strukturları təyin olunur.

4.      VBİS saxlanan verilənlər üzərində tələb olunan əməliyyatları aparır.

-          VBİS verilənlərin bütün səviyyələrdə təyinini və bu təyinlərin uyğun formalara çevrilməsini təmin etməlidir. Bunun üçün onun tərkibində linqvistik vasitələr və linqvistik prosessor olmalıdır.

-          VBİS verilənlərin seçilməsi, dəyişdirilməsi, genişləndirilməsi və silinməsi əməliyyatlarını təmin etməlidir. Bunun üçün o verilənlərin emalı dilinə və prosessora malik olmalıdır.

-          VBİS istifadəçilərin sorğularını nəzarətdə saxlamalı, verilənlərin təhlükəsizliyini və tamlığını təmin etməlidir.

            VBİS-in vacib tərkib hissələrindən biri də verilənlər lüğətidir. Verilənlər lüğətinə sistemin metaverilənlər bazası kimi də baxmaq olar. Verilənlər lüğətinə bəzən direktoriya və ya kataloq da deyilir.

            Bəzi hallarda, istifadəçilər sistemdən uzaq məsafədə olduqda sorğular VB-yə kommunikasiya məlumatı formasında istifadəçinin işçi stansiyasından birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə ötürülür və istifadəçilərə də cavablar da bu cür çatdırılır. Bu prosesin idarə olunması “verilənlərin ötürülməsi dispetçeti” adlanan proqram kompleksi vasitəsilə aparılır. Adətən, bu proqram kompleksi VBİS-dən ayrı yaradılır və özünün hüquqi əsaslarına malik olur. Bu cür sistemlərə paylanmış VBİS deyilir və kliyent/server arxitekturası ilə qurulur.

            VBİS-in əsas vəzifəsi VB ilə istifadəçi arasında interfeysin təmin edilməsidir. İstifadəçi interfeysi istifadəçinin sistemlə əlaqəsini təmin edir, yəni xarici səviyyəni əhatə edir.


VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir. VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.


VBİS-in obyektləri ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:

§  Cədvəl – VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.

§  Sorğu – Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.

§  Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.

§  Hesabat – Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.

§  Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.

§  Modullar – bu Visual Basic dilində yaradılmış proqram prosedurlarıdır.


VBİS-nin təsnifatı. VBİS  VB-nın dörd modelinə uyğun olaraq iyerarxik, şəbəkə, relyasion və obyektyönlü ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər (relations) və daxil olan atributlar sayı ilə müəyyən olunur.

Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. Relyasion VB idərə sistemləri (RVBİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:

Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.

Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.

Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.

Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.


Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:

1)      xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);

2)      məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);

3)      daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).


Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki müxtəlif mərhələdən ibarətdir:

1) layihələndirmə mərhələsi;

2) istismar və ya istifadəçi mərhələsi.

Layihələndirmə mərhələsində baza yaradıcıları, yəni proqramçılar və ya baza administratorları orada yerləşdiriləcək informasiyanın tərkibini öyrənir, onu cədvəllərə ayırır, bu cədvəllərin strukturunu, cədvəllər arası əlaqəni, bazaya ola biləcək sorğuları, formaları, hesabatları və s. müəyyənləşdirir, onda yeni obyektlər (məsələn, cədvəl, sorğu, forma və s.) yaradır, onun strukturunu verirlər. Bir bazanın bir neçə yaradıcısı ola bilər.

İstifadəçi mərhələsində baza formaların köməyi ilə informasiya ilə doldurulur (VB-nin sifarişçisi tərəfindən), sorğular vasitəsilə verilənlərin emalı və lazım olan nəticənin hesabatlar şəklində alınması icra olunur. Bir bazanın minlərlə istifadəçisi ola bilər.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov