İnstrumental proqram təminatı

İnstrumental proqram təminatına yeni əlavələrin və informasiya sistemlərinin yaradılması üçün lazım olan proqram vasitələri daxildir və proqramçılar tərəfindən yaradılan proqramların layihələndirmə, proqramlaşdırma, sazlama, testləşdirmə proseslərinin texnoloji mərhələlərində alət kimi tətbiq olunurlar. Buraya aşağıdakılar daxildir:

§  proqramlaşdırma sistemləri;

§  proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti;

§  proqram kompleksi olan CASE vasitəsi


Proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində işləməyi təmin edirlər. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə proqramları kompüter dilinə çevirən translyatorlar, sazlayıcı proqramlar və s. daxildir.

İstifadə olunan dilin strukturuna, formallaşdırma səviyyəsinə və vəzifəsinə uyğun olaraq proqramlaşdırma sistemləri aşağıdakı siniflərə təsnif edilir:

§  Maşınyönlü sistemlər – proqramlaşdırma dili müəyyən kompüter və ya kompüter ailəsi ilə əlaqəli olur. Bu sistemlərin tipik nümayəndələri simvolik proqramlaşdırma sistemləri, avtokodlar, makrogeneratorlar və assemblerlərdir.

§  Proseduryönlü sistemlər – proqramlaşdırma dilləri istənilən alqoritmlərin proqramlaşdırılmasını və bu proqramların istənilən tip kompüterdə icrasını təmin edir. Bu dillərin üç adı mövcuddur: alqoritmik dillər, prosedur dillər və direktiv dillər.

§  Problemyönlü sistemlər – həll olunan məsələnin alqoritmini qurmağa ehtiyac yoxdur. Bu sistemlər dar çərçivədə eyni tip məsələlərin həllinə yönəldilir (ART, ADART, SYMAP, ACP, APROKS, PROLOG). Bu sistemlərə hesabatlar generatoru, çeşidləmələr generatoru, cədvəl generatorları daxildir.

§  Köməkçi sistemlər – verilənlərin emalı zamanı bir sıra köməkçi funksiyaları yerinə yetirmək üçün əvvəlcədən hazırlanmış proqramlar toplusundan ibarət olur. Köməkçi sistemlərin komponentləri, məsələn, sazlayıcı proqramlar proqramlaşdırma sistemləri ilə birlikdə istifadə olunur. Sazlayıcı proqramlar işçi proqramı yoxlayıb, səhvləri aşkar edir.


Translyatorlar – alqoritmik dildə yazılmış proqramı maşın kodlarına çevirən proqramlardır. Translyatorlar üç cür olur:

Kompilyator  tərtib edilmiş proqramı maşın koduna çevirir və onu tətbiqetmə (application) şəklində kompüterin yaddaşında saxlayır.

            İnterpretator  proqram icra edildiyi zaman onun hər bir sətrini oxuyur və maşın dilinə çevirir.

            Assembler – Assembly dilində yazılmış proqramları maşın dilinə çevirir.

 

Proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti özündə proqramın ilkin mətninin mətn redaktorunun və kompilyasiyanın əmrlər dilinin imkanlarını birləşdirir. Burada istifadəçinin proqram yaratması üçün lazım olan ilkin modu və kitabxanaların yalnız interfeys formasında göstərilməsi kifayətdir. Həmçinin kompilyator və texniki vasitələrin tənzimlənməsi də interfeys formasında verilir. Bütün bu əməliyyatlardan sonra inteqrallaşdırılmış mühit lazım olan əmrlər ardıcıllığını avtomatik yerinə yetirir, nəticəni alır və səhv olduqda o haqda məlumat verir.

Bu cür birinci uğurlu mühit Borland firmasının istehsalı olan Pascal dili əsasında proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti olan Turbo Pascal-dır.

Sadə inteqrallaşdırılmış mühit özünə mətn redaktorunu, kompilyator və ya interpretatoru, quraşdırma və sazlamanın avtomatlaşdırılmış vasitələrini daxil edir. Bu komponentlərindaxil olduğu vahid proqram kompleksi hazırlanmanın inteqrallaşdırılmış mühiti (Integrated development environment – IDE) adlanır.

Proqramlaşdırmanın müasir inteqrallaşdırılmış mühitinə həmçinin proqram təminatının obyektyönlü işlənilməsində siniflərin brauzeri, obyektlərin inspektoru və siniflərin iyerarxiyasının diaqramı daxildir. Hal-hazırda bir neçə proqramlaşdırma dili üçün nəzərdə tutulmuş inteqrallaşdırılmış mühitlər mövcuddur: Eclipse, NetBeans, Embarcaddero RAD Studio və ya Microsoft Visual Studio və s. Yalnız bir proqramlaşdırma dili üçün nəzərdə tutulan mühitlərdə mövcuddur. Məsələn, Visual Basic, Delphi, Dev-C++.


Proqram komplekslərindən olan CASE (Computer Aided Software Engineering) – texnologiyası mürəkkəb informasiya sistemlərinin (İS) yaradılmasında istifadə olunur. CASE texnologiyalarına Application Development Worckbench, BPvin, CDEZ Tods, Clear Case, Composer, Discover Development Information System kimi sistemləri aid etmək olar. Bu texnologiyadan banklar, maliyə korporasiyaları və ən iri firmalar üçün İS-nin yaradılmasında istifadə olunur.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov