İnformasiya sistemləri. Verilənlər bazası

           İnformasiya sistemi tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. Texniki vasitələrə kompüter, informasiyanın ötürülməsi, qeyd edilməsi və əks etdirilməsi üçün vasitələr də daxildir.

            Verilənlər bazası konsepsiyası əsasında qurulan informasiya sistemlərinə verilənlər bazaları (bəzi ədəbiyyatlarda verilənlər bazaları sistemləri) deyilir.

            İS vasitəsilə istifadəçilərin informasiya tələblərinin təminində iki cəhəti nəzərə almaq lazımdır:

            1) Tətbiq sahəsinin sərhədlərinin təyini və informasiya modelinin tam və dəqiq əks etdirilməsi;

            2) İstifadəçilərin sorğularına tam və dəqiq cavab verən informasiya sisteminin yaradılması.

         

            Tipinə, məzmununa və verilmə tezliyinə görə sorğuları iki qrupa ayırmaq olar:

            1) reqlamentli (daimi)

            2) ixtiyari (fərdi).

            Reqlamentli sorğuların tipi, məzmunu və bəzən isə, verilmə tezliyi əvvəlcədən müəyyən olunur və uzun müddət ərzində dəyişmir.


            İS-nin layihələndirilməsi iki prinsip əsasında aparılır:

1)      istifadəçi sorğularına görə;

2)      həqiqi aləmə görə.

            

            Verdikləri sorğuların və tələb etdikləri informasiyanın formasına görə istifadəçiləri iki qrupa ayırmaq olar:

1)      istifadəçi proqramlar – reqlamentli sorğular;

2)      istifadəçi şəxslər – hər iki sorğu.

           

            İstifadəçi şəxslər iki qrupa bölünür:

            1) Hazırlıqlı istifadəçilər – İT-ni bilən mütəxəssis və proqramçılar – sorğu dilində əlaqə

            2) Hazırlıqsız istifadəçilər – sonuncu istifadəçilər – dialoq rejimində təbii dil və ya menyu dili ilə əlaqə

            İS çoxlu sayda istifadəçilərə xidmət etdiyinə görə bütün sorğuların vahid terminalogiyaya uyğunlaşdırılması üçün verilənlər lüğəti yaradılır.

 

İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.

Verilən – bazaya daxil ediləcək informasiya vahididir, elementidir.

Verilənlər – predmet sahəsinə uyğun obyekt, proses və hadisələri və onların xassələrini xarakterizə edən ayrı-ayrı informasiyalardır.

Məsələn, hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri – elementləri  bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.


Kompüterlərdə informasiyanı saxlamaq və axtarmaq üçün verilənlər bazası adlandırılan xüsusi proqram sistemlərindən istifadə olunur. Verilənlər bazası informasiyanın, yaxud verilənllərin nizamlı yığınıdır.

VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər. Məsələn, hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var.

VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır.

Verilənlər bazası (VB) – informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.

Verilənlər bazası (VB) bir-birilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsip və vasitələrlə təsvir olunan, saxlanan və idarə olunan, müxtəlif istifadəçilər tərəfindən, müxtəlif məqsədlərlə istifadə olunan verilənlər toplusudur. Verilənlər, adətən, fayllarda (cədvəllərdə) saxlanılır. VB konsepsiyasının əsas prinsipləri aşağıdakılardır:

-          Saxlanılan verilənlərdə təkrarlanmaların aradan qaldırılması;

-          Verilənlərin mərkəzləşdirilmiş idarə olunması;

-          Verilənlərin müstəqilliyi;

-          Verilənlərin tamlığının müəyyən edilməsi;

-          Verilənlərin təhlükəsizliyinin təmin edilməsi;

-          Verilənlərin müxtəlif məqsədlərlə istifadə olunması;

-          Optimallaşdırma və standartlaşdırma imkanları;

-          Xərclərin minimallaşdırılması.

 

İstifadəçilərin İS ilə əlaqə yaratması üçün üç cür dildən istifadə olunur:

1)      sorğu dili

2)      menyu dili

3)      təbii dil

            Sorğu dilində istifadəçilərin informasiya tələbi təbii dilə yaxın, lakin ciddi formal qaydalarla qurulan dildə ifadə olunur. 1999-cu ildə SQL3 relyasiya modelli verilənlər bazaları əsasında qurulmuş İS-də standart dil kimi qəbul olunmuşdur.

 

            Menyu dilində əvvəlcədən planlaşdırılmış sorğular menyuya salınır və sistem həmin sorğuların emalı üçün hazırlanır. İstifadəçi yuxarı səviyyədən başlayaraq sonuncu səviyyəyədək seçmə prinsipi ilə informasiya tələbini sistemə çatdırır.

           

Təbii dil İS ilə ünsiyyət üçün ideal vasitədir, lakin indiyədək İS-də təbii dildən istifadə olunması problemi həll olunmamışdır. Odur ki, təbii dilin mövzu sahəsinə uyğun məhdudlaşdırılmış variantından istifadə olunur.

 

            SQL 1989-cu ildən başlayaraq VB-nin standart dili kimi formalaşmağa başladı və nəhayət 1992-ci ildə onun təkmilləşdirilmiş və genişləndirilmiş variantı olan SQL/2 müasir relyasiya VBİS-nin standart dili kimi qəbul olundu. Əvvəlki dövrlərdə isə dBase (Aston-Tate corp.) dili geniş tətbiq olunmuşdur.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov