Verilənlər bazasının layihələndirilməsi

VB-nin layihələndirilməsi “yuxarıdan aşağıya” prinsipi əsasında ardıcıl interpretasiya ilə aşağıdakı mərhələlərdə aparılır.

           İlkin mərhələdə VB-yə qoyulan tələblər müəyyənləşdirilir və təhlil edilir. Sonra tətbiq sahəsinin informasiya-məntiqi (infoloji) modeli yaradılır. Həmin modeldə tətbiq sahəsinə aid verilənlərin strukturu və onlar arasındakı əlaqələr əks etdirilir. Bu iki mərhələ birlikdə VB-nin infoloji layihələndirilməsini əhatə edir. Bunun nəticəsində VB-nin konseptual modeli yaradılır. Konseptual-infoloji model (KİM) bütün sistemin etibarlı və uzunmüddətli işini təmin etməlidir. VBİS dəyişdirildikdə KİM dəyişməməlidir.

            VB-nin reallaşdırılması üçün konkret VBİS-in seçilməsi, seçilən VBİS-lə bağlı verilənlərin məntiqi, fiziki strukturlarının təyini, verilənlərə müraciət metodlarının seçilməsi, təminedici və servis proqram vasitələrinin qurulması VB-nin dataloji layihələndirilməsini əhatə edir. O, üç mərhələdən ibarətdir:

1.      VBİS-in seçilməsi;

2.      məntiqi layihələndirmə;

3.      fiziki layihələndirmə.

            Məntiqi layihələndirmə bəzən reallaşdırma mərhələsi adlandırılır. Bu mərhələdə VB-nin VBİS-lə bağlı sxemi yaradılır. Verilənin məntiqi strukturu onun kompüterdən kənar təsviri və ya modelidir.

            Fiziki layihələndirmədə əsas məqsəd məntiqi sxemin tələblərinə və VBİS-in vasitələrinə uyğun olaraq verilənlərin yaddaşda saxlanmasının və onlara müraciətin səmərəli strukturunu və metodlarını seçmək və reallaşdırmaqdan ibarətdir.

            Fiziki strukturda verilənlərin əsas vahidi saxlanılan fiziki yazıdır. Fiziki yazı bir və ya bir neçə məntiqi yazıya uyğun gələ bilər. Fiziki yazıdan fayllar yaradılır. Sadə halda fayl eyni strukturlu yazılar çoxluğudur. FVB bir və ya bir neçə əlaqələndirilmiş fayldan ibarət olur. Fayllar arasında əlaqə yazıların açarları vasitəsilə əldə edilir.

          

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov