Nisbətlərin normallaşdırılması

            RMVB-nin məntiqi layihələndirmə mərhələsində relyasiya sxemindəki nisbətlərin müəyyən tələblərə cavab vermələri nəzərə alınmalıdır:

-          Relyasiya sxeminə daxil edilən nisbətlərin sayı və nisbətlərdəki atributların təkrarlanması minimum olmalıdır;

-          Əsas açarların ölçüsü minimal olmalıdır;

-          Verilənlərin daxil edilməsi, dəyişdirilməsi və xaric edilməsi zamanı anomaliyalar yaranmamalıdır;

-          Yeni tip verilənlər daxil edilərkən relyasiya sxemində dəyişikliklər minimum olmalıdır.

-          Sistemin müxtəlif sorğulara cavab vermə vaxtları arasındakı fərq çox olmamalıdır.

            Verilənlərin daxil edilməsi, xaric edilməsi və dəyişdirilməsi zamanı anomaliyalar yaranmaması üçün konseptual modeldə nisbətlərin ilkin sxemləri normallaşdırılmalıdır. Nisbətlərin normallaşdırılması onların kompozisiyası və dekompozisiyası və hər nisbət üçün normallaşdırma qaydalarına uyğun olarasq açarların təyin edilməsi ilə əldə edilir. Normallaşdırma metodarı nisbətlərin atributları arasındakı asılılıqlara (funksional, tranzitiv və çoxmənalı) əsaslanır.

            R nisbətində Y atributu X atributundan o vaxt funksional asılıdır ki, X atributunun hər bir qiymətinə Y atributunun yalnız bir qiyməti uyğun olsun: f:X→Y; Adətən, X açar rolunda çıxış edir.

            Tərkibli açara daxil olmayan atribut açardan bütövlükdə yox, onun bir hissəsindən asılı olduqda ona natamam asılılıq, əks halda isə tam funksional asılılıq deyilir.

            X, Y, Z atributları üçün X→Y, Y→Z şərti ödənildikdə və əks asılılıqlar olmadıqda Z atributu X atributundan tranzitiv asılı olur.

            Əgər R nisbətində X atributunun hər bir qiymətinə Y atributunun bir neçə qiyməti uyğun gəlirsə və Y-in digər atributlarla əlaqəsi yoxdursa, onda Y atributu X-dən çoxmənalı asılı olur. Çoxmənalı asılılıq 3 tipdə ola bilər: birin-çoxa (1:M); çoxun-birə (M:1); çoxun-çoxa (M:N).

            Nisbətlərin normallaşdırılması 5 səviyyə üzrə aparıla bilər və buna uyğun olaraq 5 normal forma (nf) mövcuddur. Hər sonrakı normal forma müəyyən tip asılılıqları məhdudlaşdırır, nisbətlər üzərində aparılan əməlıiyyatlarda anomallıqları aradan qaldırır və əvvəlki nf-nın xassələrini saxlayır.

            1nf – nisbətin atributlarının hamısı atomar (domenlərin qiymətləri skalyar kəmiyyət) olur. Nisbəti 1nf-də ifadə etmək üçün tərkibli atributları tərkib hissələrə ayırıb sadə formada yazmaq olar.

            Əgər nisbət 1nf-dadırsa və onun hər bir atributu əsas açardan tam funksional asılıdırsa, nisbət 2nf-dadır. Açar bir atributdan ibarətdirsə nisbət 2nf-da olur.

            Əgər nisbət 2nf-dadırsa və açara daxil olmayan hər bir atribut açardan tranzitiv asılı deyilsə, o 3nf-dadır. Təcrübədə çox vaxt 3nf-da VB-nin məntiqi layihələndirilməsi başa çatır.

            Əgər nisbət 3nf-ə malikdirsə və tərkibli açarın atributları açar olmayan atributlardan asılı deyilsə, nisbət gücləndirilmiş 3nf-da (və ya Boys-Kodd nf) hesab olunur.

            Əgər nisbətdə çoxmənalı asılılıqlar varsa, onda 4nf və 5nf istifadə olunur.

            Verilənlər bazasının təşkili zamanı əvvəlcə mahiyyət-əlaqə modelindən istifadə etməklə VB-nin nisbətləri formalaşdırılır. Sonra normallaşdırma yerinə yetirilir. Nəhayət, normallaşdırılmış nisbətlərin sxemləri VBİS-in dil vasitələri ilə təsvir olunur və kompüterə daxil edilir. Normallaşdırma nəticəsində VB-də nisbətlərin sayı artır.

 

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov