Kompüter şəbəkələri

 Kompüter şəbəkəsi – kompüter və bu tip sistemlər (printer, proyektor və s.) arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompüterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə adapterləri, modemlər və s.) ilə birləşirlər. Protokol isə kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:

·         İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi;

·         İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi;

·         Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü;

·         Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü;

 Kompüter şəbəkələrinin ümumi təyinatı ümumi resurslara birgə çıxışı təmin etməkdir. Üç tip resurs fərqləndirilir:

1)      Aparat resursları

2)      Proqram resursları

3)      İnformasiya resursları

 

Müasir kompüter şəbəkələrini bir sıra əlamətlərə görə təsnif etmək olar:

§  Kompüterlər arasında olan məsafə;

§  Topologiya;

§  Təyinat;

§  Göstərdiyi xidmətlər sayı;

§  Mərkəzləşdirilmiş və ya qeyri-mərkəzləşdirilmiş idarə prinsipləri;

§  Ötürmə mühitinin növləri və s.

 

Kompüter şəbəkələrinin iki əsas kateqoriyası mövcuddur:

1)      Lokal şəbəkələr (LAN-Lokal Area Network);

2)      Qlobal şəbəkələr (WAN- Wide Area Network).


Üçüncü kateqoriyaya regional şəbəkələr aiddir. Bu şəbəkələr lokal şəbəkələrin standartları ilə təyin olunduqlarına baxmayaraq, daha çox qlobal şəbəkələrə oxşayırlar.


Lokal şəbəkələrə adətən, əhatə dairəsinin radiusu 1-2 km-dən çox olmayan kompüter şəbəkələrini aid edirlər. Lakin bəzi hallarda lokal şəbəkənin əhatə etdiyi məsafə onlarla kilometr ola bilər. Lokal şəbəkə bir təşkilata aid olan kommunikasiya sistemidir.


Qlobal şəbəkələr müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, aralarındakı məsafəyə görə səpələnmiş lokal şəbəkələri, o cümlədən serverləri, ayrı-ayrılıqda kompüterləri birləşdirirlər.

        

            Şəhər şəbəkələri (Metropolitan Area Networks, MAN) – nisbətən az yayılmış şəbəkə növüdür. Onlar böyük şəhərin ərazisinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Bu şəbəkələr lokal və qlobal şəbəkələr arasında aralıq yer tutur. Bu şəbəkələr şəhər miqyasında lokal şəbəkələrin bir-birinə birləşməsi və qlobal şəbəkələrə qoşulması üçün nəzərdə tutulmuşdur.


Lokal şəbəkələri qlobal şəbəkələrdən ayıran əsas fərqlər aşağıdakılardır:

Lokal şəbəkələrin qovşaqlararası məsafəsi kiçik olduğundan daha qısa və keyfiyyətli rabitə xətlərinin istifadəsinə imkan verir.

Qlobal şəbəkələrdə fiziki kanalların etibarlılığı aşağı olduqda, lokal şəbəkələrdən fərqli olaraq, verilənlərin ötürülməsi üçün daha mürəkkəb üsullar və uyğun avadanlıq tələb olunur.

Lokal şəbəkələr qlobal şəbəkələrdən kompüterlərarası yüksək sürətli verilənlər mübadiləsi kanallarının mövcudluğuna görə fərqlənir.

Lokal şəbəkələrdə daha geniş çeşidli xidmətlər mövcuddur.

Paketin lokal şəbəkə ilə keçməsi, adətən, millisaniyə təşkil edir, qlobal şəbəkədə isə bu bir neçə saniyəyə baş verir. Beləliklə, lokal şəbəkələrdə sorğuların yerinə yetirilməsinin operativliyi yüksək olur.

Lokal şəbəkələrdə rabitə kanalları, bir qayda olaraq, şəbəkənin bir neçə qovşağı ilə eyni eyni zamanda birgə istifadə olunurlar, qlobal şəbəkələrdə isə - fərdi qaydada yanaşılır.

Lokal şəbəkələr stansiyanın qoşulması və xətlərin uzunluğunu təyin edən baza texnologiyalarının sərtliyinə görə pis miqyaslaşmaya malikdirlər. Qlobal şəbəkələr üçün yaxşı miqyaslaşma səciyyəvidir, belə ki, onlar əvvəlcədən ixtiyari topologiyalarla işləməyi və abunəçilərin ixtiyari sayda olmasını nəzərə alaraq işlənmişlər.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov