Açıq sistemlərin qarşılıqlı əlaqə (OSI) modeli

 Hər hansı kompüterin hansı şəbəkədə işləməsindən asılı olmayaraq, həmin kompüterdə qoyulmuş proqram təminatının funksiyasını iki qrupa bölmək olar: kompüterin öz resurslarını idarə edən və digər kompüterlərlə mübadiləni idarə edən. Adətən kompüterin öz resurslarını əməliyyat sistemi idarə edir. Şəbəkənin resurslarını isə şəbəkə proqram təminatı idarə edir ki, bu ra da şəbəkə əməliyyat sistemini aid etmək olar.

Şəbəkə proqram təminatında iyerarxik yanaşmadan istifadə olunur. Burada sərbəst səviyyələr və onlar arasındakı interfeyslər əvvəlcədən təyin olunmalıdır. Bunun sayəsində digər səviyyələrə əl dəymədən ixtiyari səviyyənin proqramını təkmilləşdirmək olur.

1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfində şəbəkələrdə qarşılıqlı əlaqələrin əsası olan model yaradıldı. Bu model OSI (Open System Interconnection) (açıq sistemlərin qarşılıqlı əlaqəsi) adlandırılaraq müasir kompüter şəbəkələrinin əsasını təşkil edir.

OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür.

1)      Fiziki səviyyə (Physical layer)

2)      Kanal səviyyəsi (Data Link)

3)      Şəbəkə səviyyəsi (Network layer)

4)      Nəqliyyat səviyyəsi (Transport layer)

5)      Seans səviyyəsi (Session layer)

6)      Təqdimetmə səviyyəsi (Prezentation layer)

7)      Tətbiqi səviyyə (Application Layer)

 

Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksal kabel, burulmuş qoşa kabel, optik lifli kabel və s. nəzərdə tutulur. Fiziki səviyyənin standartları X.21 və X.21 bis təlimatları ilə təyin edilir.

 

Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə  ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır. Kanal səviyyəsinin obyektləri arasında verilənlər mübadiləsi aşağıdakı 3 üsuldan biri ilə aparılır:

1.      dupleks – eyni zamanda hər iki istiqamətdə;

2.      yarımdupleks – müxtəlif vaxtlarda hər iki istiqamətdə;

3.      simpleks – yalnız bir istiqamətdə.

 

Şəbəkə səviyyəsi bir necə şəbəkəni birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində düzgün istiqamətin secilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator (router) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş şəbəkəyə göndərir. Şəbəkə protokolunun əsas funksiyası hər bir fiziki kanalda 4096-ya qədər məntiqi kanalın qurulmasıdır.

 

Nəqliyyat səviyyəsi tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxarır. Bundan əlavə, nəqliyyat səviyyəsi uyğun şlüzlər və körpülər vasitəsilə müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır.

Bütün göndərilən paketlərin qəbul olunmasını və onlarda səhvlərin olmamasını təmin etmək üçün qəbzlərin göndərilmə üsulu – kvitləşdirmə tətbiq edilir. Qəbulu təsdiq edən qəbzlər qəbuledici tərəfindən bir və ya bir neçə paket qəbul edildikdən  sonra verilə bilər. Buna ”pəncərə” mexanizmi deyilir.

Hal-hazırda nəqliyyat protokolu tərəfindən dəstəklənən 5 (0, 1, 2, 3, 4) servis sinfi mövcuddur.

 

Seans səviyyəsi - dialoqun idarə edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Seans səviyyəsi daha yüksək səviyyədə duran obyektlər arasında əlaqə seansını yaradır. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı obyektin səlahiyyəti yoxlanılır.  Bu səviyyə bir neçə xidmət siniflərinə (A, B, C və D) malikdir.

 

Nümayiş (təqdimetmə) səviyyəsi - informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir.

 

Tətbiqi səviyyə – bu səviyyəyə istifadəçinin fayllara, printerlərə, hipermətnli Web səhifələrə və s. müraciətini təmin edən protokollar aid edilir. Bu səviyyə 3 əsas funksiyanı həyata keçirir:

1.      faylın ötürülməsi və idarəsi

2.      tapşırıqların ötürülməsi və emalı

3.      virtual terminal xidməti.

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov