İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur.
Verilənlər (ingiliscə data) texniki vasitələrlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır, yəni informasiyanın fiziki mühafizə formasıdır. “Verilən” termini latınca “datum” fakt sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə də bilər.
Verilənlər ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə müəyyən olunur.
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir, məsələn, çəki, ölçü, rəng və s. Verilənlərin qiyməti isə, əslində, verilənin özünü xarakterizə edir. Məsələn, “onun 20 yaşı var” ifadəsində “20” verilənin qiyməti, “yaş” isə verilənin adıdır.
Verilənlərin tip və struktur xarakteristikalarından əsasən proqramlaşdırmada istifadə olunur. Tipinə görə verilənlər dörd qrupa ayrılır:
§ hesabi (rəqəm)
§ mətn (simvol)
§ məntiqi
§ göstərici.
Hesabi tipli verilənlərdə qiymət rəqəmlərlə, mətn tipli verilənlərdə isə sözlə ifadə olunur. Məntiqi tipli verilənlərdə qiymət məntiqi kəmiyyətlə (“yalan” və ya “doğru”) ifadə olunur. Göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.
Proqramlaşdırmada verilənlər say sisteminə, təsvir formasına və uzunluğuna görə də xarakterizə edilir.
“İnformasiya”, “fakt” və “verilənlər” anlayışları arasında müəyyən fərqlər olsa da, informatikada bu anlayışlar eyni məna kəsb edirlər.
İnformasiya kodlaşdırma vasitəsilə verilənlər formasına keçir.