Şin topologiyası


Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. Ötürmə üçün Xerox firması tərəfindən təklif olunmuş Ethernet üsulu istifadə olunur. Bu üsul aparıcı tezliyi araşdırmaq və münaqişələri yox etməklə, çoxşaxəli mübadilə üsuludur (CSMA/CD – Caries Sense Multiple Access with Collision Detection).

İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını yoxlayır. Əgər şin boş isə kompüter paketləri şinlə ötürür. Paket bir neçə hissədən ibarətdir:

·         informasiyanın ünvanlandığı kompüterin ünvanından;

·         informasiyanı göndərən kompüterin ünvanından;

·         göndərilən informasiyadan;

·         xidməti sahələrdən

Hər bir kompüter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış paketləri özündə qeyd edir. Əgər iki kompüter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma (collision) olur. Toqquşmaya səbəb olan kompüterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər.

Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:

·         Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;

·         Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;

·         Şəbəkə kartları (adapterləri) ucuzdur;

Uzun rabitə xətləri ilə elektrik siqnallarının yayılması xüsusiyyətlərini nəzərə alaraq, şinin uclarında terminatorlar yerləşdirilməlidir.

Şin topologiyalı şəbəkənin uzunluğunu artırmaq üçün, adətən, bir neçə seqmentdən istifadə olunur. Şəbəkə seqmentləri bir-biri ilə repiterlər (təkrarlayıcılar) vasitəsilə birləşdirilir.

Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.

 

 

Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov