Lokal kompüter şəbəkələrinin idarə edilməsi

LKŞ-də mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kimi 2 əsas idarə prinsipi mövcuddur:

1)      Mərkəzləşdirilmiş idarəetmə

2)      Mərkəzləşdirilməmiş idarəetmə

 

Mərkəzləşdirilmiş idarəetmədə verilənlər mübadiləsinin idarəsi fayl-server tərəfindən yerinə yetirilir. Serverdə saxlanılan fayllar, şəbəkənin İST-si tərəfindən istifadə edil bilər. Bir işçi stansiyasının faylına digər İST müraciət edə bilməz. Mərkəzləşdirilmiş idarəli şəbəkənin üstün cəhəti şəbəkə resurslarının onlara icazəsiz daxil olmaların yüksək dərəcədə mühafizəsi, daha böyük saylı qovşaqlara malik şəbəkələrin qurulmasının mümkünlüyüdür. Mənfi cəhəti isə, fayl-server öz iş qabiliyyətini itirdikdə, sistemə icazəsiz daxil olmanın mümkünlüyü, həmçinin server resurslarına daha yüksək tələblərin olmasıdır.

 

Mərkəzləşdirilməmiş (bir səviyyəli və ya bir ranqlı) şəbəkələrdə xüsusi ayrılmış serverlər olmur. Şəbəkənin idarəetmə funksiyası növbə ilə bir İST-dən digər İST-yə ötürülür. Bir İST-nin resurslarından digər İST istifadə edə bilər. Çox da böyük olmayan İST üçün səmərəli olan bu idarəetmədə proqram təminatı daha sadə olur. Burada fayl-serverdən istifadə edilməsi lazım olmur, bu da sistemin daha ucuz yaranmasına səbəb olur. Lakin bu şəbəkədə informasiyanın mühafizəsi və inzibati idarə məsələləri bir qədər zəif alınır.

 

Fayl-server və kliyent-server

Lokal kompüter şəbəkələrində serverlər şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirir. Fayl-server texnologiyasında bütün proqramlar və verilənlər şəbəkənin mərkəzi kompüterində mühafizə edilir. Yaddaşda fayl formasında təşkil olunan proqramlara bir sıra hallarda proqram modulları da deyirlər. Fayl serveri resurslarını idarə etməyə və ona şəbəkənin istifadəçilərinin müraciətinə imkan verən şəbəkə təminatı ümumi halda şəbəkə əməliyyat sistemi adlanır.

Mərkəzləşdirilmiş idarəetmə sistemində bütün hesablama resursları, verilənlər və onların emal proqramları bir kompüterdə cəmləşdirilir. İstifadəçilər terminallar vasitəsilə maşınların resurslarına daxil  olurlar. Müştəri-server (kliyent-server) arxitekturasında terminalı müştəriyə məxsus olan fərdi kompüter, serveri isə informasiya emalının ümumi məsələlərini həll etmək məqsədilə ayrılan bir və ya bir neçə güclü kompüter əvəz edir. Müştəri – resurslardan istifadə edən tərəf, server – resursları təmin edən tərəfdir. Resurs kimi aparat komponenti, proqram, fayl, verilənlər bazası, hətta kompüter də ola bilər. Buradan bir sıra terminlər meydana gəlmişdir: fayl-server və ya disk-server, printer-server, SQL-server, kompüter-server və s. Müştəri proqramı kimi mətn və cədvəl prosessorları, server proqramı kimi isə verilənlər bazası idarəetmə proqramları istifadə edilir.

Veb server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsusi proqram yazılmış kompüter nəzərdə tutulur. Ona başqa sözlə http-server də deyilir. Server kliyent kompüterin sorğusuna cavab olaraq lazımi Veb-səhifəni İnternetdən gətirir. İnternet şəbəkələrində daha çox istifadə edilən serverlər Microsoft Internet Information Server (Windows), SQL-server,  Apache – (UNIX) server proqramlarını misal göstərmək olar.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov