Qlobal kompüter şəbəkələri

Qlobal şəbəkələr müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, aralarındakı məsafəyə görə səpələnmiş lokal şəbəkələri, o cümlədən serverləri, ayrı-ayrılıqda kompüterləri birləşdirirlər.

Qlobal şəbəkələr çox saylı son abunəçilərə İnternet xidmətlərini təqdim etmək üçün istifadə olunurlar. Ona görə də buna qlobal İnternet şəbəkəsi də deyilir.

Qlobal hesablama şəbəkəsi bir biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir:

1)      Verilənləri ötürmə şəbəkəsi – VÖŞ;

2)      EHM şəbəkəsi;

3)      Terminal şəbəkəsi.


VÖŞ əlaqə kanalları və əlaqə qovşaqlarından ibarət olub EHM-lər arasında informasiya mübadiləsini yerinə yetirmək üçün nəzərdə tutulub; EHM və Terminal şəbəkələri  VÖŞ-lər vasitəsilə bir-biri ilə birləşdirilmiş əsas EHM (ƏHM) və terminal EHM-lərdən (THM) ibarətdir. Əsas EHM-lər abonent məsələlərinin həlli üçün nəzərdə tutulub. Terminal EHM-lər isə abonent kompüterlərini VÖŞ-lərə birləşdirmək üçündür.


İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:

1)      kanalların kommutasiyası;

2)      məlumatların kommutasiyası;

3)      paketlərin kommutasiyası.

Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir. Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir. Paketlərin kommutasiyası məlumatları müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementlərinə – paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir.

Hər hansı bir məlumatın çatdırılma vaxtı paket kommutasiyası üsulunda ən kiçik olur.

Hesablama şəbəkələrində paket kommutasiyası verilənlərin ötürülməsinin əsas üsuludur. Bu, paket kommutasiyası zamanı verilənlərin VÖŞ vasitəsilə ötürülməsi zamanı gecikmələrin az olmasına  və aşağıdakı səbəblərə əsaslanır.

Birincisi, kanal kommutasiyası üsulu tələb edir ki, kanalı yaradan bütün əlaqə xətləri eyni öturmə qabiliyyətinə malik olsun, bu da VÖŞ-ün strukturuna olan tələbi sərtləşdirir. Məlumatların və paketlərin kommutasiyası isə verilənlərin istənilən ötürmə qabiliyyətli əlaqə xətləri ilə ötürülməsinə imkan verir.

İkincisi, verilənlərin paket şəklində ötürülməsi verilənlər axınının multipleksləşdirilməsi üçün ən yaxşı şərait yaradır, yəni kanalın iş vaxtının bir neçə verilənlər axınının eyni vaxtda ötürülməsi üçün öz aralarında bölünməsini təşkil edir.

Üçüncüsü, paketlərin kiçik ölçülü olması verilənlərin aralıq qovşaqlarda yadda saxlanılması üçün kiçik ölçülü yaddaş ayırmağa imkan verir. Bundan əlavə paketlərdən istifadə edilməsi verilənlər axınının idarə edilməsi  məsələsini də asanlaşdırır.

Dördüncüsü, əlaqə xətləri ilə verilənlərin ötürülmə etibarlığı böyük deyil. Tipik əlaqə xətti hər bitə 10-4 - 10-6  xəta ehtimalı ilə verilənlərin ötürülməsini təmin edir. Ötürülən məlumatların uzunluğu nə qədər böyük olsa onun əngəllərlə korlanma ehtimalı  artır.

Qlobal şəbəkələr onlardan əvvəl yaradılmış telefon şəbəkələrindən çox şeyi irsən qəbul ediblər. Buna baxmayaraq, uzun müddət telefon şəbəkələrində uğurla istifadə olunan kanalların kommutasiyası prinsipindən imtina edilməsinin əsası elə ilk qlobal kompüter şəbəkələrinin yaradılması zamanı qoyulmuşdur.

Qlobal kompüter şəbəkələrinin ənənəvi abunəçiləri – müxtəlif şəhər və ölkələrdə yerləşən dövlət və özəl müəssisələrinin birləşmiş və ya ayrı-ayrılıqda mövcud olan lokal şəbəkələridir. Bu baxımdan, qlobal şəbəkələr tərəfindən göstərilən İnternet xidmətlərinin təşkilində ayrı-ayrı kompüterlərdən və onların birgə əmələ gətirdiyi şəbəkələrdən də istifadə edilir. Adətən, qlobal kompüter şəbəkələri və onların alt şəbəkələri iri telekommunikasiya şirkətləri tərəfindən abunəçilərə pullu xidmətlərin göstərilməsi üçün yaradılır. Belə şəbəkələri ictimai şəbəkələr adlandırırlar.

Şəbəkənin işini dəstəkləyən şirkətlər şəbəkənin operatoru adlanır. İnternet xidməti təklif edən şirkətə isə, adətən, provayder deyilir.

İxtiyari qlobal şəbəkəyə digər qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin bilavasitə kompüterlər və ayrıca giriş-çixiş qurğuları qoşula bilər.


Əlaqəli mövzular


Hüquqi baxımdan qorunmur © 2016 Rəşad Həsənov